Azərbaycan Prezidenti İlham Əliyevin Astara rayonuna səfəri
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin inşaat işləri Mega Holding şirkətlər qrupuna daxil olan Inteks MMC tərəfindən yüksək səviyyədə aparılmışdır.
Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır. 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə “İdman ili”nə ən böyük hədiyyədir. Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər. Azərbaycan Prezidenti kompleksin açılışı mərasimində çıxış etdi. Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
— Əziz dostlar, əziz astaralılar! Bu gün Astara rayonunun həyatında çox əlamətdar bir gündür. Astarada gözəl Olimpiya İdman Mərkəzi açılmışdır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Keçən il də mən Astarada idim. Bu gün bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları — bir sözlə, artıq Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıbdır.