SIFE çempionatı
08.06.2008
MEGA Holding şirkətlər qrupunun nümayəndələri jüri üzvləri kimi 30 may 2008 il tarixində keçirilən «Tələbələr — Azad sahibkarlıq fəaliyyətində» (Students in free enterprise — SIFE) adlı Respublika çempionatında iştirak etdilər.
Qeyd etmək lazımdır ki, bu çempionat 2006-cı ildən başlayaraq respublika Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Gəncliyi» Dövlət proqramı (2005-2009) çərçivəsində keçirilir.
«Tələbələr — Azad sahibkarlıq fəaliyyətində» (Students in free enterprise — SIFE) layihəsi — təməli 1976-cı ildə Amerika universitetləri tərəfindən qoyulmuş beynəlxalq proqramdır. Proqram çərçivəsində hər il keçirilən dünya çempionatlarında 50-dən artıq ölkənin tələbə komandaları iştirak edir. 2006-cı ildən başlayaraq Azərbaycan da beynəlxalq yarışlarda iştirak etmək hüququnu qazanmışdı.
Bu il, Gənclər və Turizm nazirliyinin dəstəyi ilə keçirilən respublika çempionatında Azərbaycanın 11 Ali Təhsil Müəssisəsinin tələbə komandası iştirak etmiş və 39 layihə təqdim olunmuşdur. Jürinin, o cümlədən MEGA Holding şirkətlər qrupun nümayəndələrinin qərarına əsasən, qalib adına Azərbaycan Dövlət İqtisadi Universitetinin SİFE komandası layiq görülmüşdü.
20 nəfər, 1-3 oktyabr 2008 il tarixində Sinqapurda keçiriləcək Dünya çempionatında Azərbaycanı təmsil etmək hüququnu qazandı.
«Azərbacın Gəncliyi» Dövlət proqramının bir hissəsi olan yarışma, ölkəmizdə sahibkarlığın inkişafı və yeni kadrların hazırlanması üçün çox mühüm rol oynayır. MEGA Holding, Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi potensialında gənclərin rolunun artırılmasına, sahibkarlıq ideyalarının təbliğatına və gənc kadrlarda təşkilati keyfiyyətlərin inkişafına yönəltdiyi səyləri çox yüksək dəyərləndirir və dəstəkləyir.
Çempionatda iştirak edən istedadlı tələbələrdən bir neçəsi ali təhsilini bitirdikdən sonra MEGA Holding şirkətlər qrupunda işləməyə dəvət olunacaq. Biz, gələcəkdə də gənclərimizi sahibkarlıq fəaliyyətinə təşviq edəcək, onları ölkənin iqtisadi həyatında aktiv iştirak etməyə cəlb edəcəyik.