İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev 31 iyul 2012-ci il tarixdə, İNTEX MMC-si tərəfindən inşa edilmiş Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Dövlət başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu.
Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr nümayiş olunur.
Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 1712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcəkdir. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılmışdır ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir.
Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə olunmuşdur. Burada “Hörinq” şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədiləcəkdir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunacaqdır.
beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir.
Prezident İlham Əliyevə bildirildi ki, ərazidə süni örtüklü futbol meydançası yaradılmışdır. Futbol meydançasının tribunalarında 1963 tamaşaçı yeri vardır. Meydançanın kənarında iki qaçış zolağı yaradılmışdır. Futbol meydançasından başqa, ərazidə tennis kortu, basketbol və voleybol meydançaları da vardır. Ərazidə 500 ağac və koldan ibarət yaşıllıq zolağı salınmışdır.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
— Mən sizin hamınızı ürəkdən təbrik edirəm! Cəlilabad Olimpiya İdman Kompleksinin açılışı çox böyük hadisədir. Mən çox şadam ki, bu gün biz sizinlə bərabər bu gözəl kompleksin açılışında iştirak edirik.
Doğrudan da bu, Cəlilabad rayonu üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda idmanın inkişafı üçün çox vacib olan məsələdir. Mən çox şadam ki, bu kompleks xarici görünüşü və daxili tərtibat baxımından bütün standartlara cavab verir. Həm gözəl üzgüçülük hovuzu, həm böyük idman zalı, trenajor zalı, açıq meydançalar, stadion, mehmanxana.
Cəlilabad Olimpiya İdman Kompleksi də əvvəlki illərdə tikilmiş komplekslərdən fərqlənir və əminəm ki, bu kompleks Cəlilabad idmançılarına və rayon sakinlərinə xidmət edəcəkdir. Mən şadam ki, Cəlilabadda da artıq Olimpiya İdman Kompleksi vardır. Cəlilabadda idman ənənələri həmişə olmuşdur.
Bir daha sizi bu gözəl binanın — Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram.