Dünyaca məşhur tibb mərkəzi tezliklə fəaliyyətini bərpa edəcək. Əsaslı təmirdən sonra bu unikal sanatoriyanın yenidən açılması çox mühüm bir hadisədir. Axı Naftalan nefti yalnız Azərbaycandadır. Dünyada analoqu olmayan bu müalicəvi və balneoloji maye bir çox xəstəliklərin — o cümlədən dayaq-hərəkət sistemi pozuntuları, revmatik və degenerativ əzələ xəstəlikləri, periferik sinir sistemi pozuntuları, polineyropatiya və parezlərin müalicəsində istifadə olunur. Naftalan neftindən həmçinin ciddi travmalar, cərrahi əməliyyatlar və yanıqlardan sonrakı reabilitasiya dövründə də istifadə edilir.

Sanatoriya 1926-cı ildən fəaliyyət göstərir. Təbii ki, illər keçdikcə kompleks yararsız vəziyyətə düşmüşdü. Qarabağ müharibəsi də ciddi ziyan vurmuşdu — bura məcburi köçkünlər yerləşdirilmişdi, digər ölkələrdən gələn pasiyentlərin axını azalmışdı və digər amillər kompleksin vəziyyətinə mənfi təsir göstərmişdi.

Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində beynəlxalq əhəmiyyətli Naftalana da xüsusi diqqət yetirilmişdir. Naftalana səfəri zamanı Prezident İlham Əliyev bildirmişdir: “Naftalan unikal sağlamlıq və istirahət zonasıdır, ona görə də dövlət səviyyəsində diqqət mərkəzində olacaq. Bu şəhərdə yerləşən kurort və sanatoriyaların inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Yaxın gələcəkdə Naftalan dünya standartlarına cavab verən bir kurort şəhərinə çevriləcəkdir”.

Dövlət Proqramının müddəalarını rəhbər tutaraq, “İNTEKS” şirkəti qısa müddət ərzində nəhəng işlər görmüş, 3000 m² sahədə irimiqyaslı tikinti və təmir işləri həyata keçirmişdir. Belə ki, əsas bina tamamilə təmir olunmuş, yeni yeməkxana tikilmiş, otaqlar yenidən planlaşdırılaraq əsaslı şəkildə bərpa edilmiş, yeni qazanxana inşa edilmiş, köhnə laboratoriya yaşayış sahəsinə çevrilmiş və həyətyanı sahədə abadlıq işləri aparılmışdır.

Müasir eksteryer və interyer dizaynı, yaşayış və Naftalan vannası prosedurları üçün rahat şərait, geniş yeməkxana, təmiz, yaşıl həyət — artıq hər şey mükəmməl istirahət və müalicə üçün hazırdır. Biz fəxr edirik ki, Naftalan qlobal əhəmiyyətli unikal tibb mərkəzi kimi öz şöhrətini bərpa edəcək və yüz minlərlə insan burada şəfa tapacaq — çünki bu uğurda bizim payımız da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir