13 martda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəsmi açılışını rəmzləşdirən lenti kəsib. Azərbaycan Prezidenti kompleksdə yaradılmış şəraitlə tanış olub. Qeyd olunub ki, kompleksin 5 hektarlıq ərazisində tikinti işləri “Mega Holding” Şirkətlər Qrupuna daxil olan “Intex” MMC tərəfindən yüksək səviyyədə həyata keçirilib.

Burada Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə, eləcə də Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotostendlər yaradılıb. 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar rayonda görüləcək işlərə dair geniş proqram hazırlanıb. Yeni inşa olunmuş Olimpiya İdman Kompleksi “İdman ili”nə ən böyük töhfədir. Dövlət başçısı Olimpiya İdman Kompleksinin ərazisində tikilmiş dörd kottecdə yaradılan şəraitlə də tanış olub. Məlumat verilib ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qonaqlaya bilər. Azərbaycan Prezidenti kompleksin açılış mərasimində nitq söyləyib. Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

“Əziz dostlar, əziz astaralılar! Bu gün Astara rayonunun həyatında çox əlamətdar bir gündür. Astarada gözəl Olimpiya İdman Mərkəzi açılır. Bu münasibətlə hamınızı ürəkdən təbrik edirəm. Bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait yaradılıb. Vaxtilə mən Olimpiya Mərkəzinin tikintisi ilə bağlı göstərişlər vermişdim. Sonralar Astaraya səfərim zamanı tikintinin gedişi ilə tanış olmuşdum. Keçən il də Astarada olmuşdum. Bu gün isə biz sizinlə birlikdə bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında iştirak edirik. Əminəm ki, Astara idmançıları, Astara sakinləri bu imkanlardan səmərəli istifadə edəcəklər. Çünki burada hər şey var: gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları — bir sözlə, indi Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir