İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
2012-ci il iyulun 31-də Prezident İlham Əliyev “INTEX” MMC tərəfindən inşa edilmiş Cəlilabad Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Dövlət başçısı rəsmi açılışı rəmzləşdirən lenti kəsdikdən sonra kompleksdə yaradılmış şəraitlə tanış olub.
Foyedəki fotostendlərdə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdikləri diqqət və qayğı əks olunub.
Olimpiya İdman Kompleksinin ərazisi beş hektarı əhatə edir. Qapalı idman zalının sahəsi 1168 kvadratmetrdir. Burada mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və digər idman növləri üzrə yarışları 1712 tamaşaçı izləyə bilər. Yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Zalın döşəməsi idman tədbirlərinin yüksək keyfiyyətlə təşkili üçün xüsusi texnologiya ilə quraşdırılıb. Genişliyi və müasir dizaynı ilə diqqət çəkən ikinci mərtəbədə isə müxtəlif ofis və idman otaqları yerləşir.
Azərbaycan Atıcılıq Federasiyası tərəfindən quraşdırılmış pnevmatik atıcılıq tirində Almaniya istehsalı olan avadanlıqlardan istifadə olunur. İdmançılar burada “Höring” şirkətinin texnologiyası vasitəsilə məşq edirlər. Kompleksin daxilində böyük idman zalı fəaliyyət göstərir. Ziyarətçilər, idmanın on yeddi növü üçün nəzərdə tutulmuş avadanlıqlarla yanaşı, bilyard və stolüstü tennis xidmətlərindən də yararlana bilərlər. Şahmat otağında eyni vaxtda 10-dək insan bu qədim oyunun sirlərini öyrənə bilər. Gənc oyunçulara şahmatın incəliklərini öyrətmək üçün divardan asılmış nümayiş lövhəsindən istifadə olunur.
Beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Onun uzunluğu 25 metr, eni isə 12,5 metrdir.
Prezident İlham Əliyevə məlumat verilib ki, ərazidə süni örtüklü futbol meydançası salınıb. Futbol meydançasının tribunalarında 1963 tamaşaçı yeri var. Meydançanın kənarında iki qaçış zolağı inşa olunub. Futbol meydançası ilə yanaşı, ərazidə tennis kortu, basketbol və voleybol meydançaları da var. Burada 500 ağac və koldan ibarət yaşıl zona salınıb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
“Sizin hamınızı ürəkdən təbrik edirəm! Cəlilabad Olimpiya İdman Kompleksinin açılışı çox əlamətdar bir hadisədir. Çox şadam ki, bu gün biz bu gözəl kompleksin açılışında sizinlə birlikdə iştirak edirik.
Həqiqətən də, bu, Cəlilabad rayonu üçün, Azərbaycanın hərtərəfli inkişafı və ölkəmizdə idmanın tərəqqisi üçün çox vacibdir. Çox şadam ki, bu kompleks həm xarici görkəmi, həm də daxili tərtibatı baxımından bütün standartlara cavab verir. Gözəl üzgüçülük hovuzu, böyük idman zalı, trenajor zalı, açıq meydançalar, stadion, mehmanxana.
Cəlilabad Olimpiya İdman Kompleksi əvvəlki illərdə tikilmiş komplekslərdən fərqlənir və əminəm ki, o, Cəlilabad idmançılarına və rayon sakinlərinə xidmət edəcəkdir. Şadam ki, artıq Cəlilabadın da öz Olimpiya İdman Kompleksi var. Cəlilabadda idman ənənələri həmişə mövcud olub.
“Sizi bu gözəl binanın — Olimpiya İdman Kompleksinin açılışı münasibətilə bir daha təbrik edirəm, hamınıza cansağlığı arzulayıram.”