Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, kompleksin inşasına “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhərinin, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr tarixli Sərəncamına uyğun olaraq başlanılıb.

Beş hektaradək ərazidə tikinti işlərinə 2007-ci ilin yayında başlanılıb. Baş plana əsasən, kompleks səkkizguşəli ulduz formasında, müasir memarlıq üslubunda inşa olunacaq və bura universal idman zalı olan ikimərtəbəli əsas bina daxil ediləcək. İdman zalında 1000 tamaşaçı yerlik tribuna, idman və məşq zalları, foye, qarderoblar, məlumat masası, kafe, inzibati ofislər, tibb, məşqçi və həkim otaqları və s. nəzərdə tutulacaq.

Qeyd olunub ki, ikimərtəbəli üzgüçülük hovuzu binasında 200 yerlik tribuna, uzunluğu 51 metr, eni isə 31 metr olan hovuz, həmçinin məşqçilər, həkimlər üçün otaqlar, avadanlıq anbarı, kafe və digər texniki otaqlar yer alacaq. Baş plana əsasən, həmçinin dörd ədəd ikimərtəbəli kottec, futbol, basketbol, tennis və voleybol meydançaları, qaçış zolağı və yerüstü avtomobil dayanacağı inşa olunacaq.

Layihəyə həmçinin müstəqil qaz, su, kanalizasiya, elektrik və rabitə xətlərinin çəkilməsi, ayrılmış ərazinin hasarlanması, abadlıq işlərinin aparılması və istirahət zonalarının yaradılması, binaların müasir avadanlıqlarla təchiz edilməsi, havalandırma sistemlərinin və digər qurğuların quraşdırılması daxildir. Kompleksin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir