“INTEX” MMC tərəfindən həyata keçirilən əsaslı təmir işlərinə 2015-ci ilin yanvarında başlanılıb və həmin ilin may ayının sonunda başa çatdırılıb. Binanın birinci mərtəbəsində foye yerləşir; qalan 9 mərtəbədən 8-i isə yaşayış sahəsidir və burada 104 ikiotaqlı mənzil var. Binanın ümumi sahəsi 6042 m²-dir ki, bunun da 4575 m²-i yaşayış, 547 m²-i isə qeyri-yaşayış sahəsidir. Yaşayış binası şəhərin hündürmərtəbəli binalar zonasında yerləşir və təmiz havası ilə ən gözəl məkana sahibdir. Binanın hər iki tərəfə gözəl mənzərəsi var: şimal tərəfdən şəhərə, cənub tərəfdən isə Xəzər dənizinə panoram açılır.
Binanın konstruktiv sistemi ikitərəfli əlaqəli monolit dəmir-beton karkaslardan ibarətdir. Karkas elementləri (bünövrə, sütunlar, tirlər, mərtəbəarası örtük tavaları, dam örtüyü tavaları, pilləkən yürüşləri və meydançaları) monolit dəmir-betondan inşa edilmişdir.
Binada müasir standartlara cavab verən iki dəst xarici istehsalı olan lift quraşdırılıb. Liftlərin üzərində elektron avtomatlaşdırılmış idarəetmə sistemləri quraşdırılıb ki, bu da sakinlərin gecə-gündüz fasiləsiz xidmətlə təmin olunmasını təmin edir. Mənzillərin giriş qapıları xarici istehsal olan dəbli, möhkəmləndirilmiş qapılardır. Pəncərələr istilik və səs izolyasiyasını təmin edən ikiqat şüşəli plastik profillərdən hazırlanmış və quraşdırılmışdır. Daxili qapılar da həmçinin xarici istehsaldır. Yaşayış binası daimi olaraq su, məişət qazı və elektrik enerjisi ilə təmin edilir. Hər bir mənzil isti su və buxar isitmə sistemini təmin edən avtonom “KOMBİ” sistemi ilə təchiz olunmuşdur.
Bundan əlavə, 9 mərtəbəli yaşayış binası lazımi infrastrukturla tam təmin olunub: burada içməli və yanğından mühafizə su anbarları mövcuddur və bina xarici istehsal olan nasos stansiyası ilə təchiz edilmişdir. Kompleks tamamilə daş üzlüklü və dekorativ məhəccərli hasarla əhatə olunmuşdur. Yaşayış kompleksinin ətraf ərazisi abadlaşdırılıb və yaşıllaşdırılıb. Avtomobil dayanacaqları və uşaq meydançası da inşa edilmişdir. Həyətdə sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb.
Mənzillərin sayı — 104
Ümumi sahə — 6041 m²
Yaşayış sahəsi — 4574 m²